Баннер
Sitemizi değerlendirin
Son Şərhlər
Liannafuh
Народ на ютубе нашла способ как играть в современные игры без скачивания и установки на компьютер через сервис...
13 Kasım 2017 22:07
» » Bakının “fırıldaq qurbanları” - “Bizdən sonra 4 nəfərə evi satmışdılar”

Bakının “fırıldaq qurbanları” - “Bizdən sonra 4 nəfərə evi satmışdılar”

01 Eki 2017, 22:28, Admin
0 şərh    4 730 baxılıb

Bir mənzili 3 nəfərə, hətta 6 nəfərə satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.
Onlardan mənzil alan, təmir etdirən və bir neçə il yaşayan vətəndaşlar hələ də məhkəmə qapılarında qalıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Həsənov Azad Samid oğlunun və 1980-ci il təvəllüdlü Vəliyev Elnur Elbrus oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib. 

Hər iki təqsirləndirilən şəxs “Etalon İnşaat” MTK-ya rəhbərlik ediblər. Onların əməlləri barədə Baş Prokurorluq da məlumat yaymışdı.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Etalon İnşaat” MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdi. Həmin məlumatda bildirilirdi ki, ilkin araşdırmalarla müəyyən edilib ki, “Əzizbəyov-KM” MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Bildirək ki, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina “Etalon inşaat” MTK tərəfindən tikilib. Bina tam başa çatmamış “Əzizbəyov-KM” MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq “Əzizbəyov-KM” MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb. Artıq 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri davam edir.

Sonuncu məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib və başlarına gətirilən “oyunları” danışıblar. 

Zərərçəkmiş İrina Aleqovna ifadəsində bildirib ki, həmin binadan 68 min manata ev alıb. Amma sonra öyrənib ki, həmin mənzilin daha iki sahibi də var. 

İşin maraqlı tərəfi isə budur ki, İ.Aleqovna evi alarkən mənzilin əvvəlki iki sahibi arasında məhkəmə çəkişməsi gedirmiş. Həmin vaxt da ev məhkəmə qərarı ilə həbsdə imiş. Evin üzərində həbs qərarı ola-ola üçüncü şəxsə satıblar.

İndi İ.Aleqovanın yaşadığı həmin evdən çıxarılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarı var.

O, bu qərardan kassasiya şikayəti verib.

Zərərçəkmiş Nazilə Vahabova isə ifadəsində bildirib ki, evi 67500 manata Nizami Hüseynov adlı şəxsdən alıb.

“Mən evi alanda bu həbs edilən şəxsləri görməmişəm və tanımıram da. Sənədləşdirmə işlərini oğlum həll edib”- deyə zərərçəkmiş bildirib.

Başqa bir zərərçəkmiş isə Rauf Dadaşzadədir.
Onun digərlərindən fərqli olaraq bəxti heç gətirməyib. Digər zərərçəkmişlərdən bəziləri ən azaından evlərinə köçüb, bir neçə il yaşaya biliblər. Amma Rauf Dadaşzadə heç evini təmirə belə başlaya bilməyib. 

“Evi aldım. Bir neçə ay təmir edə bilmədim. Sonra öyrəndim ki, ev başqa şəxs də satılıb və bu iş üzrə məhkəmə gedir. Mən də gedib polisə şikayət elədim.

Polisdən dedilər ki, mülki işdir və məhkəməyə müraciət etməliyəm. Məhkəmə qərar çıxardı ki, ev mənimdir. İndi də açarlar məndədir. Bir müddət sonra da evin 4-cü alıcısı çıxdı. Evi təmir etmək istəyirdim. Amma 4-cü alıcı da məhkəməyə müraciət etdi. Məhkəmə də evə müvəqqəti olaraq həbs qoydu. İndi heç nə edə bilmirəm”- deyə zərərçəkmiş qeyd edib.

İş üzrə zərəçəkimiş şəxslərdən Hicran Abbasova isə ifadəsində göstərib ki, aldıqları evi təmir etmək istəsələr də bir müddət gözləməli olublar.
Həmin ərəfədə isə evin başqa sahibləri çıxıb:

“Ev almışdıq. Təmir etmək istəyəndə dedilər ki, hələ gözləyək. Azad bəy xəbər göndərmişdi ki, bir az gözləyək. Biz də gözlədik. Həmin vaxt binada yaşayış da var idi. Bir gün həmin binada olan qonşu zəng elədi ki, bəs bizim evə qapı qoyulur və təmir edirlər. Biz gecə ilə ora getdik. Orada məlum oldu ki, onlar da evi alıblar. Azada dedik. O dedi ki, anlaşılmazlıq olub və həll edəcək. Həmin ərəfədə həll elədi. Guya ev bizə verildi. Amma sonra evin qapısı 6 dəfə dəyişdi. Bizdən sonra 4 nəfərə evi satmışdılar”.

H.Abbasovanı da bəxti gətirən zərərçəkmişlərdən saymaq olar. Çünki o, digərlərindən fərqli olaraq evə verdiyi pulun bir hissəsini ala bilib: “Sonra Azad bizə 33 min qaytarıb. 9 min 500 manat isə qalır. Azad dedi ki, verəcəm. Bir ildir ki, almamışam”.

Təqsirləndirilən Azad Həsənov zərərçəkmişə verilməli olan pulun qalan hissəsini vasitəçi olan bir qadına verdiyini deyib: “Amma zərərçəkmiş elə deyirsə, bu məbləği qəbul edirəm”. 

Zərərçəkmişlərdən Kamil Əsgərov da adı çəkilən şirkətdən ev aldığını lakin heç təmir etdirə bilmədiyini söyləyib: “Bir nəfər zəng edib dedi ki, eyni mənzili ona da satıblar. İndi iş məhkəmədədir”.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə, minlərlə vətəndaş var. Təkcə Bakı Ağır Cinayətlər Məhkəməsində son bir neçə ildə onlarla tikinti şirkətinin vəzifəli şəxsləri müttəhimlər kürsüsünə çıxarılıb. Onlar da yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılıblar.

İ.Muradov
Musavat.com
loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız