Lukaşenkonun səfəri: Belarus Qarabağa dəstək əvəzinə nə istəyir? » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Lukaşenkonun səfəri: Belarus Qarabağa dəstək əvəzinə nə istəyir?

Lukaşenkonun səfəri: Belarus Qarabağa dəstək əvəzinə nə istəyir?

30 noy 2016, 10:14, Azad
0 Şərh    263 Baxılıb

Lukaşenkonun Azərbaycan səfərinin arxasındakı niyyətlər


Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə müxtəlif sənədlərə imza atdı. Siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya davam edir. Lukaşenko Qarabağ məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcəyini bəyan etdi. 

Bəs Belarus Qarabağa dəstək əvəzinə nə istəyir? Belarus məhsulları Azərbaycan bazarına girir. Yerli istehsala zərbə vura bilərmi? Belarusun Azərbaycanla əməkdaşlığı bizə, yoxsa onlara daha çox lazımdır? Lukaşenko deyib ki, Azərbaycan hər şeydə Belarusa güvənə bilər. Güvənə bilərikmi?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Lukaşenkonun səfəri maraqlı dövrə təsadüf edir. Belarus prezidenti qütblər arasında manevr etməyi və ekstremal sosial-iqtisadi proseslərdən praqmatik şəkildə öz ölkəsinin xeyrinə yararlanmağı bacarır: “Belarus iqtisadiyyatı keçid dövrünü yaşayır. Burada kollektiv təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi xeyli ləngiyib. Şübhəsiz ki, bunun xeyirli tərəfləri də olub. Məsələn, aqrar sektor və digər sahələrdəki təsərrüfatlar başqa postsovet respublikalarında olduğu kimi dağıdılmayıb, işlək vəziyyətdədi. Azərbaycanla əməkdaşlıq isə Belarusa daha çox lazımdır. Bunu gözlə də görmək mümkündür. Belarusun öz məhsullarını satmaq üçün bazara və enerji məhsullarına ehtiyacı var. İnsafən, bu ölkənin kənd təsərrüfatı məhsulları kifayət qədər keyfiyyətlidir və daha ucuzdur. Bu sahədə Azərbaycanın iş adamları onlarla rəqabət apara bilməz. Amma birgə müəssisələrin yaradılması, zənnimcə, ölkəmizdə kənd təsərrüfatının inkişafına müəyyən töhfə verə bilər.

Mən müxtəlif dövrlərdə Belarusa uzunmüddətli səfərlər etmişəm, bu ölkəni və insanlarını pis tanımıram. Buna görə də Belarusa hər şeydə etimad və etibar məsələsinə birmənalı münasibət bildirməyə çətinlik çəkirəm. Lukaşenko isə bir lider kimi xarakter adamıdır. Prinsiplərə və ənənələrə sadiq qalmağı, ən azı bunu nümayiş etdirməyi sevir. Amma unutmaq lazım deyil ki, Rusiyanın iradəsi olan yerdə bu prinsiplər və ənənələr yetərli deyil. Ruslar və belaruslar slavyanlar arasında bir-birinə ən yaxın olan xalqlardır.

Dağlıq Qarabağ məsələsində Belarusun ciddi təsir mexanizmlərinə malik olduğunu düşünmürəm. Lukaşenko müəyyən məsələlərdə vasitəçilik missiyasından çıxış edə, yaxud hansısa neqativ proseslərin daha sürətlə inkişaf etməsinin qarşısını ala bilər. Bundan daha çoxuna nail olması isə mümkün deyil".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Lukaşenkonun Azərbaycanı seçməsinin arxasındakı praqmatik maraqlar nədir” sualına cavabında öncə bildirdi ki, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur.
“Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır” fikri prezidentlərin imzaladıqları birgə bəyanatda da yer aldı. Bu bənddə “ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” cümləsinə xüsusi yer verildi. Bunun nəticəsidir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir: “Məsələn, İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə belə dedi: ”Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər".

Aydındır ki, İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutur. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümunədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistan paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi isə Ermənistana KTMT-yə yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi.
Lukaşenko Azərbaycan-Ermənistan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki Lukaşenko bilir ki, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya isə hazırda məhz yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi. Digər tərəfdən, Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktualdır".

Ekspert qeyd etdi ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar. Belarus mallarının Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb. Bu baxımdan, kasıb Ermənistan Lukaşenko üçün maraqsızdır: “Ona görə də Lukaşenko Azərbaycanla Ermənistan arasındakı münaqişədə birincinin tərəfini seçib. Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Bakıdakı görüşdə prezidentlərin əsas fikri bundan ibarət oldu ki, iki ölkə arasında qısa müddət ərzində ticarət  dövriyyəsi artırılmalıdır. Bunun üçün potensial var. Lukaşenkonun Bakıya verdiyi təkliflərdən biri budur: ”Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq". Artıq iki ölkə arasındakı əməkdaşlığın konkret nümunəsi var: Gəncədə Belarus markalı traktorların istehsalına başlanılıb.

Bundan başqa, Belarus Azərbaycanın dərman istehsalı bazarına da maraq göstərir. Azərbaycan dərman istehsalında tamamən idxaldan asılıdır. Azərbaycan hökuməti bu asılılığı azaltmaq üçün müxtəlif dövlətlərlə danışıqlar aparır. 

Bakı ətrafında bir neçə dərman zavodunun tikintisi başlayıb. Azərbaycan hökuməti bu işə böyük vəsait ayırıb. Ona görə də müxtəlif dövlətlər pay almaq istəyirlər. Azərbaycanda dərman istehsalına əsas iki ölkə maraq göstərir: Rusiya və İran. Belarus da bu prosesə qoşulmaq istəyir. Vaxtilə Belarus Azərbaycan kimi dərman idxalından asılı idi. Hazırda isə istifadə olunan dərmanların yarıdan çoxu Belarusda istehsal olunur.

Lukaşenko Bakıya səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığından da danışdı. Ancaq “Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi” sualı hələ ki açıq qalır".
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə