Rusiya tarixində ilk dəfə olaraq, dövlət başçısının nüvə silahlarından istifadəyə dair fərmanı ictimaiyyətə açıqlanıb. Kremlin sahibi Vladimir Putinin imzaladığı fərmanda təyinatına görə nüvə silahlarından və başqa müasir silahlardan fövqəladə şəraitdə istifadə qaydaları müəyyənləşib.

Fərmanda deyilir ki, hərbi qüvvələrin informasiyası təsdiqlənəndən sonra ölkənin müdafiəsini təmin etmək məqsədilə düşmənin Rusiya ərazisinə tuşlanmış ballistik raketləri uçuş startına gəldiyi, yaxud havaya buraxıldığı halda nüvə silahından istifadəyə icazə verilir.

Eləcə də Rusiyaya məxsus strateji obyektlərə, dövlət müəssisələrinə, hərbi obyektlərə hücum reallaşacağı təqdirdə, ölkə ərazisinə adi silahlarla kütləvi hücum olacağı barədə məlumat daxil olduqda Rusiya dövləti nüvə silahlarından, digər hipersürətli raketlərdən, pilotsuz aparatlardan və lazer silahlarından istifadə edə bilər.

Putinin fərmanı ilə bağlı ən müxtəlif ehtimallara, fikirlərə rast gəlirik. Onun ənənəvi üsulundan istifadə edərək, dünyanı qorxutduğu deyilir. Kremlin real təhlükəyə qarşı hazırlaşdığını düşünənlər də az deyil.

Elşən Mustafayev: “Rusiya Şimali Koreya kimi qapalı bir dövlətə çevrilə bilər”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu qaydaları normal sayır: “Putinin yeni imzaladığı nüvə silahlarından və başqa müasir silahlardan hansı hallarda istifadə olması qaydaları ilə tanış olanda ilk baxışda qeyri-adi heç nə görünmür. Çünki belə qaydalar çox normaldır, nüvə silahı olan və ya olmayan xüsusilə böyük dövlətlərdə təhlükəsizliklərini qorumaq üçün mövcuddur. O zaman sual ortaya çıxırki, bu fərmana qədər Rusiya hansı hallarda müasir silahlardan istifadə etməyi düşünürdü? Əminəm ki, fərmanda imzaladığı yeni qaydalar nöqtəsinə vergülən qədər öncədən də təhlükəzilik doktrinasında olub. Sadəcə, bunu yeni qayda adı altında gündəmə gətirib ictimailəşdirməklə daxilə və xaricə mesajlar verir və gündəmi bir müddət bu mövzu ilə zəbt etmək məqsədi daşıyır. Eyni zamanda bu fərman haradasa təhdid formasında da özünü göstərə bilər. Çünki hazırda Rusiyada iqtisadi, siyasi sahələrdə böhran dərinləşməkdədir. Pandemiya və mövcud sanksiyalar dönəmində bu böhranı aradan qaldırmaq imkanları çox çətin olduğundan Rusiya əhalisi arasında patriotik şüarlarla nisbi də olsa birlik yaratmaq , yaxud bu birliyin görüntüsünü yaratmaq vacibdir. Müşahidələrimə görə son zamanlar Rusiya siyasəti tədricən Şimali Koreya siyasəti istiqamətində hərəkət edir. Yəni bu belə davam edərsə, bir müddət sonra Rusiya Şimali Koreya kimi qapalı bir dövlətə çevrilə bilər. Necə ki, Şimali Koreya elə vəziyyətdədir və illərdir işi-gücü dünyanı nüvə silahı ilə təhdid etməkdir. Bir məsələ çılpaqlığı ilə tam aydındır ki, heç bir dövlət Rusiyaya hərbi müdaxilə etməyi düşünmür və bu onların planlarına əvvəllər də daxil olmayıb. Əminəm ki, bundan sonra da olmayacaq. Çünki Rusiya nə İraqdır, nə də Suriya. Adekvat cavabın olacağını bilə-bilə az-çox ağlı başında olan bir dövlət hərbi cəhətdən nəhəng bir nüvə dövlətinə qarşı silahlı müdaxilə planlaşdırmaz. Arada həlli mümkün olmayan bir qarşıdurma, yaxud problem varsa, zatən sanksiyalarla, müəyyən təcridlərlə işlərini görürlər. Necə ki, 2014-cü ildən bu yana belədir. Hesab edirəm ki, Qərb, xüsusilə ABŞ Rusiya ilə bağlı əvvəlki taktikasını davam etdirəcək. Eyni zamanda rəsmi Moskva ilə müharibə ritorikasında danışmayacaq və çox güman hər hansı provokasiyaların olmasına da əsas yaratmayacaq. Görünən odur ki, hadisələrin bu axınla getməsi ABŞ-ı tam qane edir, ancaq Rusiyanı etmir. Çünki rəsmi Moskva düşünür ki, müharibə dili ilə daha yaxşı danışa bilir”.

Məhəmməd Əsədullazadə: “ABŞ preventiv addımlar atacaq”

Politoloq Məhəmməd Əsədullazadə: “Rusiya prezidentinin məlum fərmanı əsasən ABŞ-ın Açıq Səma müqaviləsindən çıxdıqdan sonraya təsadüf edir. Putin Vaşinqtonun bu qərarına qarşı belə bir fərman imzaladı. Bundan əlavə, iki ölkə arasında strateji silahların azaldılması barədə müqavilə də qüvvədən düşüb. Göründüyü kimi, hər iki tərəf yeni silahlanma yarışına start verib. ABŞ çalışır ki, yeni müqavilə bağlansın və Çin də bu müqavilədə yer alsın. Amma Rusiya buna aqressiv şəkildə yanaşaraq hiperraketlərin və nüvə silahlarının istifadəsini asanlaşdıran fərmana imza atır. Bu, beynəlxalq münasibətlər sistemlərində gərginliyin olduğunun və Rusiyanın güc nümayiş etdirməsinin təzahürüdür. ABŞ Rusiyanın bu siyasətinə adekvat olaraq Avropada daha da yeni raket sistemlərini yerləşdirəcək və yeni hücum silahları üzərində işləyəcək. Hesab edirəm ki, Moskvanın bu siyasətindən sonra Vaşinqtonun qarşısında əsas strateji hədəf Rusiyanı daha da silahlanmaya cəlb etmək və iqtisadi problemlərə gətirməkdir. Rusiya bununla çalışır ki, qlobal güc müstəvisində öz mövqeyini ortaya qoysun. Əlbəttə ki, Putinin bu siyasəti dünyaya təhlükəsizliyi təhdid edir. Xüsusilə regionumuz üçün arzuolunan ssenari deyil. Bu istiqamətdə Rusiya güclənməklə daha da aqressiv notlara üstünlük verəcək və digər ölkələrlə güc dilində danışacaq. ABŞ-la yaranan problemlər və geosiyasi maraqlar uğrunda savaş digər dövlətlərin işğalına yol aça bilər. Hesab edirəm ki, ABŞ preventiv addımlar atacaq, Rusiyanın bu nüvə silahı ilə bağlı məlum fərmanı dünya üçün təhlükə kimi dəyərləndirib, danışıqlarla bu problemə son qoyacaq. Hazırda yeni dünya nizamı uğrunda gedən savaşda Rusiya bunu tətbiq etməklə, daha da gərginliyi artırır. Bu, Rusiyanın özünü qorumaq və təhdidlərə qarşı önləm anlamı deyil. Rusiya bilir ki, ona qarşı heç bir dövlət cürət edib, raket atmaz. Sadəcə, bu, güc nümayişi, yeni dünya çapında söz sahibi olmaqdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir